

Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş intellektual yarış keçirildi. “Breyn Rinq” adlı bilik yarışı fakültəmizin tələbələri arasında təşkil olunub. Yarış iştirakçıları və GDU TGT nümayəndələri əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. Daha sonra keçirilən bilik yarışında açılış nitqi ilə çıxış edənlər diqqətə çatdırıblar ki, bilik yarışında tələbələrə təqdim edilən suallar məntiq, tarix, mədəniyyət və ümumi dünyagörüş mövzularını əhatə edir. Əsas məqsəd isə gənclərin elmi-intellektual potensialının artırılması olmuşdur. Qeyd edək ki, intellektual yarış yalnız bir fakültə ilə məhdudlaşmır. “Breyn rinq” bilik yarışının növbəti mərhələləri universitetin bütün fakültələrində mərhələli şəkildə keçiriləcək və ən yüksək nəticə göstərən fakültə komandaları yekun final mərhələsində qarşılaşacaqlar.
