
GDU Ekoklubunun təşkilatçılığı ilə onlayn Google Meet platforması üzərindən ADA Universitetinin təlimçisi, AZMİU Ekologiya Mühəndisliyi və AZTU Nəqliyyat Ekologiyası ixtisaslarını fərqlənmə diplomu ilə bitirmiş Aysel Babayeva ilə görüş keçirilmişdir. Görüşdə Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri, professor Sevda Əhmədova çıxış edərək bu cür maarifləndirici və peşəkar görüşlərin tələbələrin gələcək karyera inkişafında mühüm rol oynadığını vurğulamış, Ekoklubun fəaliyyətini yüksək qiymətləndirmiş və Aysel Babayevanın akademik bilikləri, beynəlxalq təhsil təcrübəsi və praktik yanaşmasını xüsusi olaraq vurğulamışdır. Görüş zamanı Aysel Babayeva tələbələrə karyera planlaması, əmək bazarında mövcud iş imkanları, ixtisas üzrə inkişaf istiqamətləri və praktiki biliklərin əhəmiyyəti barədə ətraflı məlumat vermiş, xaricdə təhsil imkanları ilə bağlı ünvanlanan sualları dolğun şəkildə cavablandırmışdır. Təlimçi hər bir iştirakçı ilə fərdi şəkildə məşğul olaraq onların məqsəd və maraqlarına uyğun peşəkar istiqamətləndirmə aparmışdır. Tədbirdə GDU, BDU, ADNSU, ATU, ADAU və Milli Aviasiya Akademiyasının tələbələri iştirak etmiş, universitetlərarası təhsil mühiti, ekologiya sahəsinin mövcud vəziyyəti və gələcək perspektivləri ətrafında geniş müzakirələr aparılmışdır. Tədbir çərçivəsində Ekoklubun sədri Mirfəqan Hacıyev çıxış edərək GDU-da tədrisin keyfiyyəti, ixtisaslaşma imkanları, tələbəyönümlü yanaşma və yaradılan müasir akademik mühit barədə müsbət fikirlər səsləndirmiş, universitetin ekologiya sahəsində əldə etdiyi uğur və nailiyyətləri iştirakçıların diqqətinə çatdırmışdır. Görüşün sonunda iştirak edən bütün tələbələrə Gəncə Dövlət Universiteti Ekoklubu adından sertifikatlar təqdim olunmuşdur. Eyni zamanda tədbir boyunca ən aktiv iştirak göstərən tələbə, təlimçi Aysel Babayeva tərəfindən brend çanta ilə mükafatlandırılmışdır. Tədbir iştirakçılar tərəfindən böyük maraq və yüksək fəallıqla qarşılanmışdır.
