“Səməni” festivalı keçirildi

Kimya və biologiya fakültəsinin və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə “Səməni” festivalı keçirildi. Festivalda Novruz bayramının atributlarını və milli adət-ənənələrimizi özündə əks etdirən bayram xonçaları nümayiş olunub. Tələbələrin maraqlı əl işləri, səmənilər, eləcə də qədimi əşyaların nümayişi, tələbələrin milli rəqsləri və bayram tonqalı festifalı daha da maraqlı edib. Universitetin rektoru prof. Yusif Yusibov tədbir iştirakçılarını qarşıdan gələn Novruz və Ramazan bayramı münasibəti ilə təbrik edib, ən xoş arzularını çatdırıb. Bildirib ki, qədim köklərə malik Novruz bayramının kütləvi el şənlikləri və mərasimlərlə dövlət səviyyəsində keçirilməsi, yurdumuzun hər bir guşəsində coşqu ilə qeyd olunması milli müstəqilliyimizin bizə bəxş etdiyi nailiyyətlərindəndir və tarixi-milli irsimizə bağlılığımızın parlaq təzahürlərindəndir.  Universitetdə keçirilən “Səməni” festifalı da milli adət-ənənələrimizi, dəyərlərimizi yaşatmaq və  gənclərə ötürmək məqsədi daşıyır. Novruz bayramının personajları sayılan Keçəl və Kosanın əyləncəli tamaşaları və konsert proqramı hər kəsə xoş ovqat bəxş edib. Sonda Gəncə Dövlət Universitetinin əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən festifalın qalibləri müəyyən edilərək ən yaxşı 4 komandaya mükafatın verilməsi qərara alınıb.