Kimya  və Kimya mühəndisliyi ixtisasının IV kurs tələbələrinin istehsalat təcrübəsi davam edir

Kimya  və Kimya mühəndisliyi ixtisasının IV kurs tələbələri davam edən istehsalat təcrübəsi zamanı  Azəralüminium MMC-nin alüminium istehsalının əsas mərhələlərindən biri olan elektroliz prosesinin nəzəri və praktiki əsasları ilə yaxından tanış olmuşlar. Təcrübə çərçivəsində müəssisənin İstehsalatın Avtomatlaşdırılması İdarəetmə Sistemi Şöbəsinin  rəis müavini Allahverdiyev Təhmasib Cahangir oğlu elektroliz təknələrinin quruluşu, iş prinsipi və istismar xüsusiyyətləri haqqında təlim keçərək tələbələri prosesin kimya tərəfi ilə məlumatlandırdı. Təlim zamanı Təhmasib Allahverdiyev bildirdi ki, elektroliz təknələrindən alınan alüminium, alüminium oksidin (Al₂O₃) kriolit (Na3AlF6) ərintisi iştirakında yüksək temperatur şəraitində parçalanmasından alınır. Proses sabit elektrik cərəyanı altında baş verir və sonda maye alüminium təknənin aşağı tərəfində yerləşən katodda toplanır. Gün ərzində hər təknədən 1800 kq alüminium istehsal olunduğu qeyd edildi. Təknələrin daxili quruluşu istiliyə davamlı materiallardan hazırlanır və prosesin sabitliyini təmin etmək üçün xüsusi texnoloji nəzarət sistemi ilə təchiz olunur. Tələbələrə həmçinin elektroliz prosesində enerji sərfiyyatının optimallaşdırılması, anod və katod materiallarının seçimi, eləcə də istehsalatda təhlükəsizlik qaydalarının rolu izah edildi. İstehsal prosesinə baxış zamanı Elektroliz zavodunun qrup rəhbəri Nuriyev Şahin Telman oğlu Təhmasib müəllimlə birlikdə tələbələri praktiki məlumatlandırmaqla yanaşı, real istehsal şəraitində texnoloji proseslərin necə idarə olunduğu əyani şəkildə izah etdilər. Bu cür istehsalat təcrübələri tələbələrin nəzəri biliklərinin praktik bacarıqlarla möhkəmləndirilməsinə, sənaye mühiti ilə tanışlıqlarının artırılmasına və gələcək peşə fəaliyyətlərinə daha hazırlıqlı olmalarına mühüm töhfə verir.