Elm və Duyğularla Dolu Açıq Dərs

Universitetimizdə hər zaman Günay Sadıqovanın “Biologiyanın tədrisi metodikası” fənni üzrə təşkil olunan dərsləri tələbələrin böyük marağına səbəb olmuşdur. Kimya və biologiya müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə keçirilən bu dərslər həm maarifləndirici, həm də yadda qalan anlarla zəngin olmuşdur. Onun dərslərinin əsas məqsədi biologiyanın tədrisində müasir metodlardan istifadə, tələbələrin dünyagörüşünün artırılması və onların praktik biliklərinin inkişaf etdirilməsi idi. Bu dəfəki, dərs daha da yaddaqalan oldu. Belə ki, dərsdə xüsusi qonaqlar da iştirak etdi. Bakı şəhərindən gələn Dublyaj sahəsinin mütəxəssisi, produsser redaktor, rejisor  İbrahim Qurbanov və BDU-nun tələbəsi Məryəm Qurbanova açıq dərsin fəxri qonaqları olmuşlar. Onları ilk öncə fakültə dekanı qarşıladı, onlara fakültə haqqında məlumat verdi. Onların sonra dərsdə iştirakı tələbələr tərəfindən böyük maraq və diqqətlə qarşılandı. Dərs hər zaman olduğu kimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Daha sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Ardınca dövlət başçımız hörmətli İlham Əliyevə və Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir. Bu hissə tələbələrdə vətənpərvərlik hisslərinin daha da güclənməsinə səbəb olmuşdur. Açıq dərsin davamında qonaq İbrahim Qurbanov çıxış edərək tələbələrə dublyaj sənəti haqqında ətraflı məlumat vermişdir. O bildirmişdir ki, müasir dövrdə tədrisdə sənədli filmlərin və audiovizual vasitələrin istifadəsi şagirdlərin mövzunu daha yaxşı qavramasına kömək edir. Fakultənin müəllimi, Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti Günay Sadıqovanın təşəbbüsü ilə İbrahim bəy tərəfindən dublyaj edilmiş bitkilərə aid sənədli film tələbələrə təqdim olunmuşdur. Film tələbələr tərəfindən böyük maraqla izlənilmiş və biologiya elminin müxtəlif sahələri haqqında əlavə məlumat əldə etmələrinə imkan yaratmışdır. Filmin nümayişindən sonra İbrahim Qurbanov tələbələrlə yaxından tanış olmuş, onların fikirlərini dinləmiş və müxtəlif mövzular ətrafında söhbət aparmışdır. Tələbələr də öz növbəsində film haqqında təəssüratlarını bölüşərək biologiyanın tədrisində belə vasitələrin əhəmiyyətini vurğulamışlar. Görüş zamanı səmimi mühit yaranmış, tələbələr qonaqlara müxtəlif suallar ünvanlamışlar. Açıq dərsin keçirilməsində BDU tələbəsi Məryəm Qurbanovanın da xüsusi əməyi olmuşdur. O, tərcümə işlərində göstərdiyi köməyə görə fakültə dekanı professor İsfəndiyar Alverdiyev və dərsin müəllimi Günay Sadıqovanın imzası ilə hazırlanmış təşəkkürnamə ilə təltif edilmişdir. Bu təşəkkürnamə onun əməyinə verilən yüksək dəyərin göstəricisi olmuşdur. Dərsin sonunda dosent Günay Sadıqova tələbələrlə yekun söhbət aparmışdır. O, bir semestr ərzində keçirilən dərslər və tələbələrin BTM haqqında fikirlərini öyrənmək məqsədilə xüsusi vərəqlər paylamışdır. Tələbələr semestr boyunca qazandıqları biliklər, dərslərin təşkili və müəllim-tələbə münasibətləri haqqında öz təəssüratlarını Günay Sadıqovaya olan sevgilərini qeyd etmişlər. Sonda qonaqlarla birlikdə xatirə şəkli çəkilmişdir. Açıq dərs tələbələrin yaddaşında xoş təəssüratlarla qalmış, onların biologiya elminə və tədris metodikasına olan marağını daha da artırmışdır. Belə tədbirlərin keçirilməsi tələbələrin həm nəzəri, həm də praktik biliklərinin inkişafında mühüm rol oynayır.