
2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyası uğurla davam edir. 01 iyun 2026-cı il tarixdən etibarən yazılı formada keçirilən imtahanlar artıq yekunlaşıb, 8 iyun tarixdən isə test üsulunda imtahanların keçirilməsinə başlanılıb. Bütün imtahanlar kameralarla təhciz olunmuş auditoriyalarda keçirilir və imtahanların gedişi izlənilir. Test formasında keçirilən imtahanlar 22 iyun 2026-cı il tarixədək davam edəcək. Gün ərzində 2000-ə qədər tələbənin test imtahanlarında iştirakı nəzərdə tutulur. 50 test sualını cavablandırmaq üçün tələbələrə 1 saat vaxt təyin edilir. Test sualları öncədən universitetin “Elektron İmtahan Sistemi”nə yerləşdirilib, tələbə kabinetinə göndərilib və “EduMan” sisteminə dair yaradılan elektron səhifədə imtahanların keçirilməsinə dair təlimat da yerləşdirilib. Qeyd edək ki, GDU-da imtahan sessiyasında “Ultra” şirkəti ilə bağlanmış müqaviləyə əsasən “EduMan Platforması”nın digər modulları – elektron jurnal, elektron imtahan sistemi mərkəzləşdirilmiş formada tətbiq olunur. Müasir texnologiyalar əsasında işlənib hazırlanan imtahan sistemi öz obyektivlik və şəffaflığı, mövzuların tam əhatəsi baxımından seçilir. Universitetdə Test İmtahan Sisteminin işlənib hazırlanması üzrə texniki tapşırığa əsasən “Elektron İmtahan Sistemi” proqramında təhsil müəssisəsinin imtahan prosesində istifadə olunan sual bazası, test bazası, keçiriləcək imtahanların cədvəli və keçirilmiş imtahan üzrə məlumatlar saxlanılır.
