“Rəqəmsallaşma dövründə regional universitet modeli” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans keçirildi

3–4 iyul 2026-cı il tarixlərində Zaqatala şəhərində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının təşkilatçılığı ilə “Rəqəmsallaşma dövründə regional universitet modeli” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans keçirilmişdir. Konfrans Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və UNEC Zaqatala filialının yaradılmasının 10 illik yubileyinə həsr olunmuşdur. Konfransın əsas məqsədi rəqəmsallaşma şəraitində regional universitetlərin inkişaf modeli, ali təhsildə innovativ yanaşmalar, süni intellekt və rəqəmsal texnologiyaların tədris və idarəetmə proseslərinə inteqrasiyası, eləcə də universitetlərin regionların sosial-iqtisadi inkişafındakı rolunun geniş müzakirə olunması olmuşdur. Bununla yanaşı, ali təhsil müəssisələri, dövlət qurumları, biznes sektoru və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın gücləndirilməsi, müasir əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması istiqamətində yeni yanaşmaların müəyyənləşdirilməsi konfransın prioritet məqsədləri sırasında yer almışdır. Konfransda Ekologiya və təbiəti mühafizə kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru İsgəndərova Tünzalə Həsən qızı da iştirak etmiş və ”Regional iqtisadiyyatda və idarəetmə sistemində süni intellekt“ adlı maraqlı mövzu ilə çıxış etmişdir.